Xüsusi tənzimləmə rejiminin reyestri

Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının nəzarəti altında aşağıdakı layihələr məhdud sayda istifadəçi ilə sınaqdan keçirilir.

“Azərbaycan Beynəlxalq Bankı” ASC

İslam bankçılığı çərçivəsində Murabaha məhsulu

Sınaq müddəti: 01.04.2026 - 01.04.2027

“Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən təqdim edilən İslam bankçılıq layihəsi rezident hüquqi şəxslərin və fərdi sahibkarların daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlaklarının İslam bankçılığı prinsiplərinə uyğun maliyyələşdirilməsini nəzərdə tutur. Əmlak bank tərəfindən alınaraq əvvəlcədən razılaşdırılmış qiymətlə istifadəçiyə satılır, ödənişlər isə razılaşdırılmış qrafik əsasında həyata keçirilir. Sınaq müddətində məhsul yalnız bank filialları vasitəsilə təqdim olunur və müqavilə şərtləri Mərkəzi Bank ilə razılaşdırılır.

Website Icon http://abb-bank.az/ Email Icon info@abb-bank.az Phone Icon +994 12 493 00 91

“Rabitəbank” ASC

İslam bankçılığı çərçivəsində Mudaraba və Murabaha məhsulu

Sınaq müddəti: 02.02.2026 - 02.02.2027

“Rabitəbank” ASC tərəfindən təqdim edilən layihə İslam bankçılığı prinsiplərinə uyğun olaraq hüquqi və fiziki şəxslərdən vəsaitlərin "Mudaraba" əsasında cəlb edilməsini və həmin vəsaitlərin sahibkarlıq subyektlərinin əsas vəsaitlərinin və dövriyyə mallarının "Murabaha" mexanizmi ilə maliyyələşdirilməsini nəzərdə tutur. Sərmayəçilərin vəsaitləri maksimum 12 ay müddətinə idarə edilir, gəlir və ya zərər faktiki nəticələrə əsasən bölüşdürülür. Layihə çərçivəsində şəffaflıq, rüblük hesabatlılıq və müstəqil audit tələbləri tətbiq olunur.

Website Icon https://www.rabitabank.com/ Email Icon 133@rabitabank.com Phone Icon +994 12 598 44 88

“BİTAZN” MMC

Kriptovalyuta birjası

Sınaq müddəti: 16.02.2026 - 16.08.2026

“BİTAZN” MMC tərəfindən təqdim edilən kriptovalyuta birjası layihəsi virtual aktivlərin milli valyuta və digər virtual aktivlərlə mübadiləsi, köçürülməsi və saxlanılması üzrə maliyyə xidmətlərinin məhdud sayda istifadəçi qrupu üçün göstərilməsini nəzərdə tutur. Birjada yalnız beynəlxalq tənzimlənən platformalarda listinqdə olan virtual aktivlər üzrə əməliyyatlara icazə verilir. Virtual aktivlərin platformadan kənara köçürülməsi qadağandır və saxlanma beynəlxalq təhlükəsizlik standartlarına uyğun həllər vasitəsilə təmin olunur. İstifadəçilər real vaxt rejimində qiymətləri izləyə və müxtəlif ticarət alətlərindən istifadə edə bilərlər.

Website Icon https://bitazn.az/ Email Icon info@bitazn.az Phone Icon +994 12 311 42 00

“Pasha Pay” MMC

Kripto birja cüzdanına köçürmələr

Sınaq müddəti: 15.11.2024 - 08.02.2026

“PashaPay” MMC tərəfindən təqdim edilmiş bu layihədə “m10” tətbiqinin “Binance” kriptovalyuta platforması ilə inteqrasiyası nəzərdə tutulur. Bu innovativ məhsul istifadəçilərə kriptovalyuta əməliyyatlarını təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “Binance” platformasında müştərinin manat cüzdanına mədaxil edilməsini asanlıqla həyata keçirmək imkanı yaradır.

Website Icon https://m10.az/ Email Icon info@m10.az Phone Icon +994 12 404 41 05

“Unicapital İnvestisiya Şirkəti” ASC

Kriptobroker

Sınaq müddəti: 09.12.2024 - 08.02.2026

“Unicapital İnvestisiya şirkəti”nin təqdim etdiyi “Kriptobroker platforması” virtual aktivlərin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması ilə bağlı məhdud sayda istifadəçi qrupu üçün maliyyə xidmətini təklif edən sınaq layihəsidir. Platforma, həmçinin, istifadəçilərə virtual aktivlərin qiymətlərini izləmə imkanı verir və yalnız lisenziyalaşdırılmış, tənzimlənən xidmət təminatçıları ilə əməkdaşlıq edir.

Website Icon https://unicapital.az/ Email Icon ebrokerage@unicapital.az Phone Icon +994 12 541 33 33